REGİONLAR


Xocalı rayonu üzrə əyləncəli futbol festivalı keçirilib

Goranboy, 7 iyun, Rauf Hacıyev, AZƏRTAC

Goranboy ərazisindəki Xocalı rayon Cəmilli kənd sakinləri üçün salınmış Börü qəsəbəsində əyləncəli futbol festivalı keçirilib. Festivalda gələcəkdə bu istiqamətdə görüləcək işlər də müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, festivalda Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, eləcə də məktəblilər, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov respublikamızda idmana və gənclərin sağlam inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Hazırda bu istiqamətdə işlərin davam etdirildiyini deyən Şahmar Usubov bildirib ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin nəticəsi olaraq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və hörmətlə qarşılanır.

Layihənin rəhbəri Rauf Əliyev bildirib ki, festivalın keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək və idmanın bu növündə daha çox fərqlənən gəncləri böyük futbola cəlb etməkdən ibarətdir.

Sonra layihənin Xocalı rayon məktəbliləri arasında keçirilməsinin təşəbbüskarı olan Elman Məmmədov çıxışında qeyd edib ki, təşkil olunan bu cür idman yarışları Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclərin sağlam böyüməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Festival çərçivəsində gələcəkdə bu istiqamətdə Xocalı rayonu üzrə görüləcək işlər də müzakirə olunub.

Komandaların topla müxtəlif oyunlardan ibarət mübarizəsindən sonra Xocalı rayon məktəblilərinə futbol forması, top və digər ləvazimatlar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.