QAN YADDAŞI
Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov, hüquq elmləri doktoru, professor Namiq Əliyev, Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu, “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının Ankara təmsilçisi Gözde Kılıç Yasin, Gürcüstan Demoqrafiya Cəmiyyətinin sədri Anzor Totatdze, Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia və başqaları çıxış ediblər.
Çıxışçılar Xocalı soyqırımının səbəbləri, nəticələri barədə danışıb, bu qətliamı insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi dəyərləndiriblər. Bildirilib ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, eləcə də digər beynəlxalq qurumların müvafiq qərarlarına baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.
Çıxış edənlər Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının, cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd edib, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə söhbət açıb, Ermənistanın işğalçılıq siyasətini pisləyiblər. Bildirilib ki, indiyədək 10-dan çox ölkənin parlamentləri, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb.