QAN YADDAŞI
Xocalı soyqırımı: Ermənistanın xalqımıza qarşı törətdiyi kütləvi qırğın
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
RSXM-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin baş direktoru, AMEA–nın müxbir üzvü Qurban Yetirmişli Xocalı soyqırımını erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri növbəti kütləvi qırğın kimi xarakterizə edib. Bildirib ki, erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək sakinlərinə amansızlıqla divan tutub, onları vəhşicəsinə, ağlasığmaz işgəncələrlə qətlə yetirib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başlanıldığı vurğulanıb. Qeyd olunub ki, məhz bu kampaniya çərçivəsində keçirilən tədbirlər nəticəsində bir çox ölkələr Xocalı soyqırımını tanıyıb. Q.Yetirmişli gənclərə beynəlxalq tədbirlərdə Azərbaycan ərazilərinin işğalı faktı və erməni vəhşilikləri barədə təbliğat aparmağı tövsiyə edib.
Digər çıxış edənlər də diqqətə çatdırıblar ki, Xocalı faciəsi XX əsrdə törədilən faciələrdən ən dəhşətlisidir.
Sonra Xocalı hadisələri zamanı əsir düşmüş insanların azad edilməsində və qətlə yetirilmiş insanların cəsədlərinin alınmasında misilsiz xidmətləri olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov haqqında film nümayiş etdirilib.