QAN YADDAŞI
Xocalı soyqırımı bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir
Füzuli, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı XX əsrin Xatın, Hirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu fikir Horadiz şəhərindəki Muğam Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən anım tədbirində səsləndirilib.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə qarşı kütləvi qırğın törədərək, şəhəri yerlə-yeksan ediblər. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.
Qeyd olunub ki, dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirdi. Qanlı hadisələr zamanı köməksiz qadın, qoca və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır.
Çıxışlardan sonra Füzuli Dövlət Dram Teatrı tərəfindən Xocalı soyqırımına həsr olunmuş “Ana fəryadı” adlı poetik kompozisiya nümayiş olunub.