QAN YADDAŞI
Xocalı soyqırımı ermənilərin əsl xislətini üzə çıxardı
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, professor Maisə Rəhimova qeyd edib ki, XX əsrin sonunda Xocalı soyqırımı erməni faşizminin növbəti qanlı cinayətlərindən ən dəhşətlisi olub. Diqqətə çatdırılıb ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.
Akademik Teymur Bünyadov bildirib ki, Xocalı qətliamı ermənilərin əsl xislətini üzə çıxardı. O, ötən ilin aprel ayında Azərbaycan Ordusunun əldə etdiyi hərbi uğurların erməni işğalçılarına vurduğu sarsıdıcı mənəvi və siyasi nəticələrindən danışıb.
AMEA-nın müxbir üzvü İlyas Babayev Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında daim yaşayacağına, bu cinayətləri törətmiş erməni işğalçılarının layiqli cəza alacaqlarına əminliyini bildirib.