SİYASƏT
Xocalı soyqırımı ilə bağlı Nizami rayonunun məktəbliləri arasında inşa müsabiqəsinə start verilib
Bakı, 4 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Xocalı – unudulmayan qan yaddaşımız” mövzusunda inşa müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Xocalı soyqırımının insanlığa qarşı ən dəhşətli cinayət olduğunu bildiriblər. Qeyd olunub ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüblər. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.
Müsabiqə komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadə bildirib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarının, jurnalistikaya olan maraqlarını, potensiallarını üzə çıxarmağa çalışırıq. İnşa yazı müsabiqəsinə iki dildə - Azərbaycan və rus dillərində yazılar qəbul ediləcək. Bununla da Prezident İlham Əliyevin multikulturalizm siyasətinə, ölkəmizdəki tolerant dəyərlərə verilən önəm bir daha qabardılacaq. Eyni zamanda, bununla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyi bir daha ifadə ediləcək.
Bildirilib ki, inşa müsabiqəsi Nizami rayonu ərazisində 30-dək təhsil müəssisələri arasında keçiriləcək. İki dildə qəbul ediləcək yazılar xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.