QAN YADDAŞI


Xocalı soyqırımı ilə bağlı Parisdə keçirilən anım konsertini ermənilərin pozmaq cəhdləri uğursuzluğa düçar olub

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Eglise Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsullarla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün ciddi cəhdlər göstərib və nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamamışdan əvvəl eşidilsə də, gözəl musiqi və iştirakçıların gurultulu alqışları bu səsləri asanlıqla boğurdu. Üç yüz qonağın iştirak etdiyi konsertin iştirakçıları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, UNESCO-dakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov və Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jan-Fransua Mansel də var idi.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkarı Enrike Qranadosun “Orientale” əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.

Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifa edilməsi ilə başa çatıb. Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır. P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin deyib: “Musiqi susmaq mümkün olmayanda çatdıra bilmədiklərini ifadə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalini şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olub. Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir. Bir milyon qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünkü musiqili anım gecəsi Xocalı şəhidlərinin əziz xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.