QAN YADDAŞI
Xocalı soyqırımı ilə bağlı həqiqətlər Qırğızıstan KİV-lərində
Bişkek, 24 fevral, АZƏRTAC
Qırğızıstanın “Exo Manasa” və “NTS” televiziya kanallarında, “Manas” və “Almaz” radiolarında Xocalı soyqırımı ilə bağlı xəbərlər yayılıb. Həmçinin “Kabar” agentliyi, ca.news və for.kg portalları Azərbaycan səfirliyinin keçirdiyi tədbir haqqında geniş informasiya verib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Türkiyənin Anadolu agentliyinin Qırğızıstandakı müxbirinə Xocalı soyqırımı ilə bağlı verdiyi müsahibə Türkiyənin 20-dən çox qəzet və xəbər saytında yayılıb.
Müsahibədə Xocalıda qətlə yetirilənlər, itkin düşənlər haqqında məlumat verilir. Bildirilir ki, soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. O gecə 1275 nəfər dinc sakin girov götürülüb.
Materiallarda bildirilir ki, Xocalı müsibətinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Ondan çox ölkənin, eləcə də ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı müsibətini isə soyqırımı kimi tanıyıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 100-ə yaxın ölkəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi bu qanlı soyqırımı ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek