REGİONLAR


Xocalı soyqırımı ilə bağlı petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır

Mingəçevir, 25 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Yuryeviç Kuznetsov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində və Mingəçevir Dövlət Universitetində müəllim və tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin gənclərlə görüşüb. Görüşün məqsədi “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün petisiya” ilə bağlı vətəndaşları məlumatlandırmaqdır.

Görüşlərdə məlumat verilib ki, rusiyalı tarixçi Oleq Kuznetsov Xocalı soyqırımının tanınması üçün 2017-ci il martın əvvəlində petisiyaya başlayıb. Petisiya Rusiya Federasiyası Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

Çıxış edənlər Azərbaycan-Rusiya dostluğunun tarixindən və bugünkü iqtisadi, siyasi, mədəni əməkdaşlığından bəhs edib, erməni terrorçularının xalqımıza qarşı törətdiyi cinayətlərin dolğun və həqiqətə uyğun təbliğinin vacibliyindən danışıblar.

Oleq Kuznetsov petisiyanın keçirilmə məqsədindən, həmçinin erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törədilən soyqırımından söz açıb. Tarixçi alim Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsinin vacibliyini bildirib. “Bu petisiya həm də Rusiya Dövlət Dumasında faciənin soyqırımı kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarlarının hüquqi məsuliyyətə cəlb olunması istiqamətində xüsusi əhəmiyyətə malikdir”, - deyə o qeyd edib.

Tarixçi alim bildirib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www.change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür. Rusiya Dövlət Dumasında bu məsələyə baxılması üçün petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

Sonra Bilik Fondunun əməkdaşları görüş iştirakçılarına petisiyada səs verməyin qaydasını izah ediblər. Qeyd olunub ki, səsvermədə iştirak etmək üçün www.change.org saytına daxil olaraq axtarış yerinə “Oлег Кузнецов” yazmaq lazımdır. Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, e-mail ünvan, ölkə, şəhər və şərh yerlərini dolduraraq, “imzalamaq” düyməsini basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəkilini çəkib, [email protected] ünvanına göndərmək lazımdır. Petisiyanın qəbul olunması üçün ümumilikdə, 200 min səsin toplanması tələb olunur.

Şəhər ictimaiyyətinin nümayəndələri, universitetin müəllim və tələbələri, gənclər çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə Oleq Kuznetsova minnətdarlıq edib, petisiyaya qoşulacaqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.