QAN YADDAŞI
Xocalı soyqırımı insanlıq əleyhinə törədilən ən qəddar cinayətdir
Ağstafa, 24 fevral, Famil Quliyev, AZƏRTAC
25 il öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı həyata keçirən soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə yönələn terror siyasətinin təzahürü olmaqla yanaşı, bütövlükdə insanlıq əleyhinə qəddar cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağstafa Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev danışıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilib, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarların adları açıqlanıb.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İnsanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin bu günə qədər yürütdüyü siyasətin əsas prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində geniş işlər aparılır.
Daha sonra Qazax Dram Teatrının təqdimatında yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında “Xəcalət” tamaşası nümayiş etdirilib.