QAN YADDAŞI
Xocalı soyqırımı nəticəsində 487 nəfər şikəst olub
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar keçirilən ümumxalq yürüşünün iştirakçıları arasında faciə zamanı əlil olmuş insanlar da var idi. Onlar hər il olduğu kimi, bu il də soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Xatırladaq ki, Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub.
Xocalılılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılayıblar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olublar. Erməni cəlladları tərəfindən açılan atəşlər nəticəsində Xocalı ərazisi qan gölünə çevrildi. Bu qətliam xocalılılara ağır mənəvi zərbə vursa da, onların iradəsi sınmadı. O müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Bu gün onların hər biri vətən, torpaq eşqi ilə yaşayır. Xocalılıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir.
Xocalılılar hamı üçün qəhrəmanlıq, mərdlik, mətanətlilik örnəyidir, eyni zamanda, vətənpərvərlik nümunəsidir. Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə Xocalı əlillərinin də iştirakı bunun bariz göstəricisidir. Onlar ümidlərini itirməyiblər. Əksinə, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, işğal altındakı bütün torpaqlarımızın düşmən tapdağından xilas ediləcəyi, doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qətiyyətlə inanırlar.
Ümumxalq yürüşündə iştirak edən Xocalı sakini Cəfər Cəfərov AZƏRTAC-a müsahibəsində bildirib ki, xocalılılar bu amansız soyqırımı günündə özlərini əsl qəhrəman kimi aparıb, erməni faşistlərinə qarşı mətanətlə döyüşüb, düşmən qarşısında əyilməyib, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifə yazıblar. Lakin o zaman iqtidarda olan qüvvələr xocalılılara biganəlik göstərdilər. Onları yalnız öz hakimiyyətlərini qoruyub saxlamaq maraqlandırırdı. Bu biganəliyin nəticəsində də bir neçə saatın içində Xocalı hər tərəfdən atəşə tutuldu və şəhər yerlə-yeksan edildi. Xocalılılar düşmənin cavabını verməyə cəhd göstərdilər, lakin onlara dəstək verən olmadı. Bu faciənin dəhşətləri heç zaman yaddaşımızdan silinməyəcək.