QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq
Bakı, 26 fevral, P.İmanova, AZƏRTAC
Hər dəfə Xocalı soyqırımı ilə bağlı kadrlara baxanda Ermənistan tərəfindən insanlığa qarşı yönəlmiş ən qanlı cinayətlərin bir daha şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Əhməd Oğuz deyib.
“Hər bir azərbaycanlı tariximizin ən faciəli səhifələrindən olan Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılması işində iştirak etməlidir. Hər birimiz Xocalı faciəsinin dünya miqyasında soyqırımı aktı kimi tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq. Artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar. Təəssüflər olsun ki, Xocalı faciəsi bir sıra ölkələr tərəfindən hələ də soyqırımı aktı kimi qəbul edilməyib. Biz inanırıq ki, Xocalıda ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın qanı yerdə qalmayacaq və biz tezliklə erməni tapdağı altında qalan torpaqlarımızı azad edib doğma Qarabağımıza qayıdacağıq”, - deyə Ə.Oğuz bildirib.