QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Batumidə də anılıb
Tbilisi, 24 fevral, AZƏRTAC
Azərbaycanın Batumi şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirin keçirildiyi salonun foyesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində baş konsulluq tərəfindən gürcü dilinə tərcümə edilən “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı təqdim olunub.
Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Rəşad İsmayılov soyqırımı haqqında ətraflı məlumat verib, bu faciənin Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, ozamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.
Tədbirdə çıxış edən Acariya Televiziyasının direktoru Camal Meqrelidze, Acarıstandakı Azərbaycan icmasının rəhbəri Vidadi Axundov və başqaları 25 il əvvəl baş verənlərin səbəb və nəticələrini, zaman-zaman ermənilərin Azərbaycan xalqına yaşatdığı ağrı-acıları tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb, nahaq qanın yerdə qalmayacağına, əzəli və əbədi Azərbaycan torpaqlarının gec-tez erməni işğalından azad olunacağına əminliklərini ifadə ediblər.
Sonra Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş gürcü dilində videoçarx nümayiş olunub.
Baş konsulluğun təşəbbüsü ilə hazırlanan videoçarxda gürcü gənclər öz ana dillərində qardaş xalqın 25 il əvvəl başına gətirilən, bəşəriyyətə qarşı edilmiş cinayət əməli haqqında öz həmvətənlərinə məlumat veriblər. Videoçarxda gürcü gənclərin təqdimatı ilə yanaşı, Xocalıdan çəkilmiş videoxronikalar da yer alıb.
Tədbirdə, həmçinin gürcü dilinə tərcümə edilmiş “Xocalıda son gecə” sənədli filmi nümayış olunub.
Mərasimdə Acarıstanın dövlət və hökumət qurumlarının təmsilçiləri, parlament üzvləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti, “SOCAR” şirkətinin, Kulevi terminalının rəhbərləri və əməkdaşları, Batumidəki Azərbaycan və digər icmaların təmsilçiləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi