QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi İğdırda yad olunub
İğdır, 25 fevral, АZƏRTAC
Azərbaycanın Qars şəhərindəki baş konsulluğu Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar İğdır şəhərində anma mərasimi təşkil edib.
Tədbir baş konsulluq ilə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və İğdır Azərbaycan Evi Dərnəyinin (İAED) birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Nuru Quliyev, TADDEF və İAED-in sədri Sərdar Ünsal çıxış edərək Xocalı soyqırımının səbəbləri və nəticələrindən danışıblar. Onlar erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdikləri ağır cinayətlər və bu amansızlığın davamı olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
Baş konsul diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan tədbirlər ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin mahiyyətini tam şəkildə ifşa edir.
Tədbirin sonunda Xocalıya həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinə hədiyyələr verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır