QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi İordaniyada anılıb

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 13-də Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə İordaniya Senatında fəaliyyət göstərən Azərbaycan ilə qardaşlıq komitəsinin sədri və üzvləri, İordaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, İordaniya Diplomatik Akademiyasının rektoru və rəhbər işçiləri, müxtəlif ölkələrin Əmmanda akkreditə olunmuş səfirləri, sabiq nazirlər və deputatlar, ayrı-ayrı səfirliklərin nümayəndələri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və üzvləri, keçmiş SSRİ-də təhsil almış iordaniyalı məzunlar klubunun rəhbərləri, yerli televiziya, mətbuat və ictimaiyyət təmsilçiləri, İordaniyada yaşayan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilib.

Ölkəmizin İordaniyadaki səfiri Sabir Ağabəyov 25 il əvvəl işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin insanlığa qarşı cinayət və xalqımıza qarşı soyqırımı olduğunu vurğulayıb. Diplomat Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakininin vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdırıb.

Səfir erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan artıq vətəndaşın doğma yurd-yuvalarından didərgin düşdüyünü qeyd edib. S.Ağabəyov Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pisləndiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu bildirib. Buna baxmayaraq, Ermənistanın öz işğalçılıq niyyətlərindən əl çəkmir, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi qətnamələrə əməl etmir.

S.Ağabəyov İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim dost mövqe nümayiş etdirdiyini məmnunluqla vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə Azərbaycan xalqı və hökuməti adından minnətdarlığını ifadə edib.

Sonra səfirliyin müşaviri İlham Əliyev çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, kəndlərin, şəhərlərin, dini, tarixi abidələrin, məktəblərin, məscidlərin, qəbiristanlıqların dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. Bildirilib ki, Xocalı soyqırımı 1905-1907-ci, 1918-ci, 1948-1950-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri silsilə qırğınların davamıdır və bu qətliamlar işğalçı Ermənistanın irqçi və soyqırımı siyasətini əks etdirir, “Böyük Ermənistan” kimi sərsəm bir ideyanın həyata keçirilməsinə xidmət edir.

Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel əməliyyatı və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanması barədə məlumat verən müşavir Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, işğal altında olan bütün torpaqlarımızın sülh yoluna həll olunmayacağı təqdirdə güc yolu ilə tezliklə azad ediləcəyini vurğulayıb.

Daha sonra İordaniya Senatının İordaniya-Azərbaycan qardaşlıq komitəsinin sədri, senator Mərvan əl-Hmud, İordaniya Baş nazirinin sabiq müavini Saleh Ərşidat, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşou, iordaniyalı diplomat, səfir Muvaffaq əl-Acluni, sabiq mədəniyyət naziri Samir Habaşne, yazıçı, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilk evi”nin (“Dar əl-Arubə”) baş direktoru Sultan Haşim Xəttab, yazıçı-jurnalist, tarixçi Ömər əl-Armuti və başqaları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən, respublikamıza qarşı erməni təcavüzünə son qoyulmasını və işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsini tələb edən çıxışlar ediblər.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub. Xocalı soyqırımını əks etdirən foto stendlər, kitab və jurnal sərgisi də qonaqlar tərəfindən maraqla qarşılanıb. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.