QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Missuri ştatındakı Vaşinqton Universitetində anılıb
Vaşinqton, 28 fevral, AZƏRTAC
Missuri ştatının Seynt Luis şəhərində ABŞ-ın tanınmış təhsil ocaqlarından biri olan Vaşinqton Universitetində təhsil alan soydaşlarımızın təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Amerika, Çin, Rusiya, İran və Misirdən olan tələbələr iştirak ediblər.
Universitetdə təhsil alan Xocalı sakini Nərmin İbrahimova tədbirdə çıxış edərək əvvəlcə Azərbaycan, ölkənin coğrafi mövqeyi və siyasəti ilə bağlı ümumi məlumat verib. Daha sonra o, soyqırımına məruz qalmış Xocalı əhalisinin həmin gecə yaşadıqları dəhşətlər barədə danışıb, şəhəri tərk etməyə çalışan əhalinin meşə və yollarda kütləvi qırğına məruz qaldığını, girov götürülənlərə ağır işgəncələr verildiyini qeyd edib.
Doğma yurdu işğal edildikdən sonra yaşadığı məcburi köçkün düşərgəsindəki çətinliklərə baxmayaraq, N.İbrahimova təhsil alaraq öz icmasını layiqincə təmsil etməyə və onların haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışacağını bildirib.
Tədbir iştirakçıları faciə ilə bağlı dərin təəssüf hissi keçirdiklərini qeyd edib, Nərmin İbrahimovaya və onun timsalında bütün xocalılılara tezliklə öz torpaqlarına qayıtmağı arzulayıblar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton