QAN YADDAŞI
Xocalı soyqırımı sülh və bəşəriyyət əleyhinə cinayətdir
Kürdəmir, 24 fevral, AZƏRTAC
Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmirdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət” mövzusunda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsinin akt zalında təşkil edilən mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov 613 nəfərin xüsusi amansızlıqla və işgəncələrlə öldürüldüyü Xocalı faciəsinin dəhşətləri barədə danışıb. Qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya tam aydınlığı ilə çatdırılması, faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb və atmaqdadır. Ümummilli lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də beynəlxalq müstəvidə öz qiymətini almasına səbəb olub. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar xalq tərəfindən, bir çox dövlət və nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənir.
Mərasimdə çıxış edən DQİDK-in Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəsliyini vurğulayaraq Xocalı faciəsinin mahiyyəti etibarilə Holokost, Hernika və Xatın soyqırımları kimi insanlığa qarşı törədilən cinayətlərlə eyni olduğunu bildirib.
Rayon polis idarəsinin əməkdaşı Asif Əhmədov, DTX Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Məhəmmədəli Rəsulov çıxışlarında cinayətkarların gec-tez öz layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.