QAN YADDAŞI
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən ağrılı faciəsidir
Vyana, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin təşəbbüsü ilə Avstriya Atatürkçü Düşüncə Dərnəyində (AADD) bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
AADD-nin sədri Yusuf Genç, Türkiyə Böyük Millət Məclisinin üzvü Levent Gök, “AZERİ-DER”in rəhbəri Yardım Günəş, tədqiqatçı Kufi Seyidalı çıxış edərək bəşər tarixinin ən amansız qətliamlarından biri olan Xocalı faciəsi haqqında məlumat verib, həmin soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının və insanlığa dəyər verən toplumların ən ağrılı faciəsi olduğunu bildiriblər. Natiqlər bəşər tarixinin ən amansız faciələrindən olan Xocalı soyqırımının nəticələrinin hələ də aradan qaldırılmadığını, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının bu gün də Ermənistanın işğalı altında olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün güclü orduya malik Azərbaycan qısa zamanda öz torpaqlarını işğaldan azad etmək iqtidarında olmasına baxmayaraq, sülhsevər mövqeyinə sadiq qalaraq münaqişənin dinc yolla həllinə, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarına çalışır.
Dünyada Xocalı kimi faciələrin bir daha təkrarlanmaması üçün həmin soyqırımında həyatını itirən günahsız insanların haqq səsinin dünyaya çatdırılmasının, ədalətin bərpa olunması üçün dünya ictimaiyyətinin məlumatlandırılmasının vacibliyi bildirilib.
Sonda AADD-nin gənclər qolunun hazırladığı “Xocalı: insanlıq dramı” adlı videotəqdimat nümayiş etdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana