QAN YADDAŞI
Xocalı soyqırımı unudulmamalı və gələcək nəslə çatdırmalıyıq
Bakı, 26 fevral, Aynur İsmayılova, AZƏRTAC
Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu dəhşətli hadisədən 25 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ümumxalq yürüşdə iştirak edən Bakı Dövlət Universitetinin əməkdaşı, müharibə veteranı Rəşid Əliyev deyib.
O deyib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Xocalıdakı abidələr, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə yaşadan maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Rəşid Əliyev deyib: “XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır.