QAN YADDAŞI
Xocalı soyqırımı yaddaşlarda daim yaşayacaq
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Xocalıda törədilən soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən olduğunu söyləyib. O, Xocalı soyqırımının dünyada tanıdılmasının hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abidinov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən Xocalı soyqırımından 23 il keçir. Soyqırımı nəticəsində 613 nəfər həlak olub, 787 nəfər yaralanıb, səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər əsir, 150 nəfər itkin düşüb. C.Abidinov bu dəhşətli hadisənin bütün dünyanın gözü qarşısında baş verdiyini, həmin dövrdə heç bir dövlət tərəfindən soyqırımına qarşı ciddi tədbir görülmədiyini vurğulayıb. 1994-cü il fevralın 24-də ümummilli lider Heydər Əliyevin təklifi ilə Milli Məclis Xocalı soyqırımına siyasi və hüquqi qiymət verib.
Bildirilib ki, Xocalı soyqırımının tanınması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu siyasətin bariz nümunəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyasıdır. Bu məqsədlə Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və başqa ölkələrdə müxtəlif tədbirlər həyata keçirilir.
Digər çıxış edənlər də vurğulayıblar ki, Azərbaycan xalqı davamlı olaraq erməni millətçi-şovinistlərinin soyqırımı siyasətinə məruz qalıb.
Tədbirdə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.