QAN YADDAŞI
Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməlidir
Ağcabədi, 21 fevral, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılan Xocalı soyqırımının 25-ci ildönümü Ağcabədidə silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə növbəti tədbir 5 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qətliamdan danışıb, baş verənləri bütün bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayət adlandırıblar.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qarşısında duran ən vacib məsələ Xocalı faciəsinin dünya miqyasinda tanıdılması prosesində iştirak etməkdir. Bu cinayət cəzasız qalmamalı, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verməlidirlər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.