QAN YADDAŞI
Xocalı soyqırımına həsr olunmuş inşa yazı, şeir və rəsm müsabiqəsi başa çatıb
Naxçıvan, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda keçirilən VII muxtar respublika inşa yazı, şeir və rəsm müsabiqəsinə 20 yazı, 50 rəsm əsəri təqdim olunub, 13 şeir bədii qiraət edilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, təhsil nazirinin müavini Əli Vəliyev, Yazıçılar Birliyinin sədri Asim Əliyev, Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Müsabiqədə iştirak edən yeniyetmə və gənclər Xocalı həqiqətlərini, bu qətliamın səbəblərini və mahiyyətini inşa yazılarda, rəsm nümunələrində, səsləndiriləcək şeirlərdə göstərməyə çalışıblar.
Müsabiqənin qalibləri diplomlarla təltif ediliblər.
Sonda Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə baxış olub.