QAN YADDAŞI
Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar
Bakı, 24 fevral, Aynur İsmayılova, AZƏRTAC
Fevralın 24-də Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək Xocalı soyqırımının təkcə azərbaycanlılara deyil, insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu deyib.
Tədbirdə şair-publisist, AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova, “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış ediblər.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda törədilən soyqırımı bəşər tarixinə ən qanlı faciələrdən biri kimi yazılıb. Həmin gecə dinc əhaliyə amansız divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar olub. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra verilib. Ulu Öndər bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb. Vurğulanıb ki, Xocalı faciəsi yaddaşlardan silinməyəcək və bu qətliamı törədənlər layiqli cəzalarını alacaqlar.
Sonda “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin üzvlərinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən musiqi kollecinin tələbələrinin ifasında musiqi proqramı və ədəbi-bədii kompozisiya təqdim edilib.