QAN YADDAŞI
Xocalı soyqırımını törədənlərə qarşı beynəlxalq cinayət tribunalı yaradılmalıdır
Roma, 12 mart, AZƏRTAC
İtaliyanın nüfuzlu “Il Giornale” qəzetində Xocalı soyqırımı ilə bağlı dərc olunmuş məqalədə Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyevin müsahibəsi yer alıb.
Xocalı soyqırımı barədə məlumat verən V.Hacıyev bildirib ki, BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının ikinci maddəsinə əsasən etnik qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə onun üzvlərini öldürmək, ağır fiziki və əqli zərbələr vurmaq, həmin qrupun nümayəndələrini tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq soyqırımı hesab olunur və sadalanan bütün bu əməllər Xocalı qətliamı zamanı azərbaycanlılara qarşı törədilib.
Diplomat qeyd edib ki, soyqırımının tarixi nümunələri göstərir ki, tam və ya qismən məhv etmək niyyəti canilərin əlində olan imkanlara görə ölçülür. Belə ki, Xocalıda əhalinin bir qisminin soyqırımından xilas olmasının səbəbi erməni tərəfinin mərhəmətindən irəli gəlməyib, sadəcə həmin şəxslər soyqırımı törədilən ərazidən qaçmağa müyəssər olublar.
Məqalədə, həmçinin məşhur britaniyalı jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan aldığı müsahibədən sitat verilib: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”. Sarkisyanın bu etirafı Xocalı qətliamının əvvəlcədən planlaşdırılmış və qorxutmaq məqsədilə törədilmiş akt olduğunu bir daha sübut edir. Azərbaycan Xocalı soyqırımını törədənlərə qarşı beynəlxalq cinayət tribunalının yaradılmasını istəyir.
Yazı, eyni zamanda, İtaliyanın “Askanews”, “Corriera Nazionale”, “First online”, “Opinione”, “Tiscali”, “Agenzia Radicale” və digər media resurslarında yerləşdirilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma