MƏDƏNİYYƏT
Xocalı soyqırımını yaşamış uşaqların hekayəsini əks etdirən “Güllələnmiş uşaqlıq” kitabı türk dilində
Bakı, 31 mart, AZƏRTAC
Jurnalist Əsli Əliyevanın 2007-ci ildə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Güllələnmiş uşaqlıq” kitabı bu günlərdə Türkiyədə “Kurşunlanmış çocukluk” adı ilə türk dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabı türk dilinə Türkiyənin Ərciyəz Universitetinin ermənişünaslıq bölməsinin rəhbəri Qafar Çaxmaqlı tərcümə edib.
Kitabda Xocalı faciəsi zamanı baş verən dəhşətlərin şahidi olmuş uşaqların söylədikləri acı xatirələr əsasında erməni faşizminin qanlı terror əməllərindən bəhs edilir. Psixoloji mahiyyət daşıyan bu topluda müəllif erməni xislətinin əsl mahiyyətini açıb göstərə bilib. Kitab vəhşiləşmiş erməni cəlladlarının törətdikləri bu faciəni qanla yazılmış tarix kimi gələcək nəsillərə çatdıran bir salnamədir.
Müəllif 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş dəhşətlər zamanı uşaq olan insanları danışdıraraq onların acı xatirələrini qələmə alıb. Kitabı vərəqləyərkən istər-istəməz xocalılı uşaqlarla birlikdə oxucu da o anları yaşamaq məcburiyyətində qalır.
Məlumat üçün bildirək ki, Əsli Əliyeva hazırda Ərciyəz Universitetinin Şərq dilləri və ədəbiyyatı bölməsinin erməni dili və ədəbiyyatı müəllimidir.