QAN YADDAŞI
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Adanada izdihamlı tədbir keçirilib
İstanbul, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin Adana şəhərində keçirilən izdihamlı tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Azərbaycan diasporunun təmsilçiləri, ziyalılar, mədəniyyət və incəsənət xadimləri daxil olmaqla 3 minə yaxın yerli sakin iştirak edib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Adanadakı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə birgə şəhərin ən böyük idman salonlarından birində təşkil etdikləri tədbir yerli ictimaiyyətin nümayəndələri, xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Çıxış edən Milli Məclisin üzvü Qənirə Paşayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağın münaqişəsinin təkcə Azərbaycanın yox, bütün türk dünyasının problemi olduğunu, regionun ən güclü dövlətlərindən birinə çevrilən Azərbaycanın işğal altındakı torpaqlarını mütləq azad edəcəyini vurğulayıb.
Adana Bələdiyyəsinin sədri Hüseyn Sözlü qeyd edib ki, Azərbaycanın erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən erməni yalanlarının ifşa olunması vacib və təxirəsalınmaz məsələdir.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu il 70-dən çox ölkədə müxtəlif tədbirlər keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq erməni yalanlarının ifşası istiqamətində işlər bundan sonra da sistemli şəkildə davam edəcək.
Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və digərləri Xocalı soyqırımının acısının heç vaxt unudulmayacağını bildirərək, bu faciəni törədənlərin ədalət məhkəməsi qarşısında cavab verəcəklərini vurğulayıblar.
Adanadakı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yaqub Bulud tədbir iştirakçılarını Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı məsuliyyətə cəlb edilməsi üçün təşkil edilən kampaniyaya qoşulmağa çağırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul