QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü Cənubi Afrika Respublikasında da qeyd edilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Qazaxıstan, Gürcüstan, Türkiyə, Belarus və Ukraynanın diplomatlarının, Cənubi Afrikada yaşayan həmvətənlərimizin və Azərbaycanın Dostları təşkilatının nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili A.Nağıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi qırğın barədə ətraflı məlumat verib, bu qətliamın Ermənistanın işğalçı siyasətinin əsl mahiyyətini göstərdiyini qeyd edib. Diplomat bu qanlı faciənin müasir Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən olduğunu bildirib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.
Daha sonra Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.