QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü Ukrayna mətbuatının diqqətində
Bakı, 1 mart, AZƏRTAC
Ukrayna mətbuatı Xocalı soyqırımının 25-ci ildönümünə xüsusi diqqət yetirib.
Xocalı soyqırımının 25-cü ildönümü ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ukraynanın müxtəlif vilayət və şəhərlərində silsilə tədbirlər həyata keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, hər il olduğu kimi, Ukraynada fevral ayını “Xocalı ayı” elan edən soydaşlarımız erməni vəhşiliyinin Ukrayna ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq nümayiş etdiriblər. Fevralın 15-dən sonunadək Azərbaycanın Ukraynadakı səfirliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə Ukraynanın Xarkov, Dnepropetrovsk, Xmelnitsk, Kirovoqrad, Odessa, Nikolayev, Peromaysk, İvana-Frankovsk, Jitomir, Odessa, Çernovçı, Kiyev və digər şəhərlərinin mərkəzi küçə və meydanlarında, xüsusən də aeroport və magistral yollarında Xocalı soyqırımını özündə əks etdirən bilbordlar yerləşdirilib.
Keçirilən tədbirlərə xüsusi maraq göstərən Ukraynanın aparıcı kütləvi informasiya vasitələri ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qətliamları qəddarlıq baxımından XX əsrin ən amansız vəhşilik və soyqırımı siyasəti kimi qiymətləndiriblər.
Tədbirlərlə bağlı Ukraynanın aparıcı KİV-lərində xüsusi reportaj və məqalələr yayılıb. Faciəni XX əsrin qan donduran vəhşilik aktı kimi təqdim edən Ukraynanın ART, UTR, Pershi, Kasatski, o cümlədən Odessa, Dnepr, Xmelnitsk, Xarkov, Jitomir, Lvov və digər şəhərlərin mərkəzi televiziya kanalları, reytinqli portallar Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri amansız qəddarlıqları bəşər tarixinin vəhşilik salnaməsi kimi xarakterizə ediblər.
Xocalı soyqırımına xüsusi yer ayıran Ukraynanın “Perşiy Kozatskiy” televiziya kanalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin yaranma səbəblərini çoxmilyonlu tamaşaçı auditoriyasına yarım saatlıq xüsusi proqram vasitəsilə çatdırıblar. Jurnalistin çoxsaylı suallarına cavab verən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ermənilərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirdikləri mərhələli işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla çoxmilyonlu tamaşaçının diqqətinə çatdırıb. O, Xocalı faciəsinin də ermənilərin son iki əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Səfir, həmçinin qurucusu və baş memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin qlobal iqtisadi inkişaf tempindən söz açaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən zaman Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu vurğulayıb.
Bundan başqa, ukraynalı şairə və rəssam Darya Eftuxovanın Xocalı soyqırımına həsr etdiyi şeir və portret əsasında hazırlanmış videoçarx Ukrayna mətbuatında geniş işıqlandırılıb.
Milli diasporumuzun Kiyev və Odessa şəhərlərində Ermənistan səfirliyinin və konsulluğunun qarşısında “Rədd ol Qarabağdan!” şüarı altında keçirdiyi etiraz aksiyaları da Ukrayna mediasının xüsusi diqqət mərkəzində olub.