QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Seulda yürüş keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Koreya Respublikasında həyata keçirilən anım tədbirlərinin davamı olaraq paytaxt Seulda yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində baş tutub.
Xocalı həqiqətlərinin Koreya ictimaiyyətinə çatdırılması məqsədilə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri, bu ölkədə yaşayan həmvətənlərimiz Koreya Respublikasının Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, ABŞ və Yaponiyanın səfirliklərinin, eləcə də ölkənin qabaqcıl media şirkətlərinin inzibati binalarının yerləşdiyi Qvanqhamun ərazisində yürüş keçiriblər. Üzərində “Xocalıya ədalət!” yazılmış köynəklər geyinən yürüş iştirakçıları Koreya dilində hazırlanan kitabçaları və müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylayıblar.
Bundan başqa, Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü ilə Seulun mərkəzi ərazisində yerləşən İtevon küçəsində fevralın 18-dən asılan 100-ə yaxın “Xocalıya ədalət!” bannerləri 10 gün ərzində orada qalacaq. İtevon küçəsi Seulun ən izdihamlı küçələrindən biri olmaqla yanaşı, xarici turistlərin ən çox ziyarət etdikləri ərazilərdən hesab edilir. Bura həm də xarici ölkələrin Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların binalarının yerləşdiyi əsas ərazidir.
Qeyd edək ki, Koreyada keçirilən anım tədbirləri yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Nüfuzlu “The Korea Post”, “Joongang Daily”, “Korea Times” və “Monthly Chosun” qəzetlərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məqalələr dərc olunub. Məqalələrdə Xocalı soyqırımının tarixi, səbəb və nəticələri barədə məlumat verilib, faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilən ən ağır, qatı cinayətlərdən biri olması qeyd edilib.