QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Tbilisidə yürüş keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
“Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçıları Rustaveli metro stansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirilib.
“Borçalı-İrəli” İctimai Birliyi tərəfindən Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən 5 min buklet yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.
Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının əlaqələndiricisi Leyla Əmrahova, gənc fəallar, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
“Borçalı-İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov mətbuata açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı qətliamını gürcü ictimaiyyətinə, gənclərinə və paytaxt sakinlərinə çatdırmaqdır. “Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırdıq, Gürcüstan və Azərbaycanın işğal olunan torpaqlarının azad olunmasını tələb etdik”, – deyə M.İmanov bildirib.
Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə, Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.