QAN YADDAŞI
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya parlamentində fotosərgi və seminar keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi, Koreya parlamentində fəaliyyət göstərən Koreya-Azərbaycan Dostluq Qrupu və “The Korea Post” jurnalının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının, habelə Koreya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının iyirmi beşinci ildönümü ilə bağlı Koreya parlamentinin binasında fotosərgi və seminar keçirilib.
Azərbaycan-Koreya münasibətləri tarixində ilk dəfə olaraq Koreya parlamentinin əsas binasında keçirilmiş fotosərgidə Xocalı soyqırımını əks etdirən şəkillər və xaric kütləvi informasiya vasitələrində soyqırımı ilə bağlı nəşr olunmuş məqalələrdən ibarət stendlər quraşdırılıb, Heydər Əliyev Fondunun hazırlatdığı “Xocalıya ədalət!” adlı videoçarx nümayiş etdirilib, “Xocalıya ədalət!” kampaniyasının bannerləri asılıb. Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımı haqqında Koreya dilində çap olunmuş ədəbiyyatlar və bukletlər təqdim edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər nəticəsində dəyişən müasir simasını və Azərbaycan-Koreya münasibətlərini əks etdirən şəkillər, həmçinin videoçarx nümayiş etdirilib. Sərginin davam etdiyi iki gün ərzində Koreya parlamentinin deputatları ilə yanaşı, yüzlərlə vətəndaşlar sərgiyə böyük maraq göstərib.
Sərgi ilə paralel keçirilən “Keçmişdən bu günə Azərbaycan reallıqları” adlı seminarda deputatlar, Koreya dövlət qurumlarının təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, elm adamları, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə təsadüf edən tədbirin məhz Koreya parlamentində keçirilməsinin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib. O, XX əsrin sonunda yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın üzləşdiyi çətinliklər və faciələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verib.
Səfir bütün çətinliklərə baxmayaraq Azərbaycanın ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində öz müstəqilliyini qoruya bildiyini, Prezident İlham Əliyevin rəhbərliyində sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Diplomat Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının tarixinə nəzər salıb, 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı yüksək səviyyəli səfərlərindən sonra ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Koreya parlamentində fəaliyyət göstərən Koreya-Azərbaycan Dostluq Qrupunun sədri Hvanq Yonq-çol, parlamentin keçmiş sədr müavini Park Byonq-su, deputat Park İn-suk və “The Korea Post” Media qrupunun sədri Li Kyunq-şik çıxış edərək Azərbaycan haqqında təəssüratlarını bölüşüb, Azərbaycan-Koreya əlaqələrinin inkişafı barəsində danışıblar. Çıxış edənlər, həmçinin Xocalı soyqırımına münasibət bildirərək Koreya tarixində buna bənzər oxşar faciələrin baş verdiyini, yaxın keçmişdə hələ də bu kimi faciələrin təkrar baş verməsindən təəssüf hisslərini ifadə ediblər.
Sonra səfirliyin müşaviri Vaqif Cəfərov “Keçmişdən bu günə Azərbaycan” adlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın XX əsrdə üzləşdiyi hadisələr və faciələr, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, Azərbaycanda həyata keçirilmiş uğurlu enerji strategiyası və siyasi islahatlar nəticəsində əldə olunan nailiyyətlər və siyasi sabitlik haqda təfsilatlı məlumatlar yer alıb. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyin dəstəyi ilə “Buta” tələbə təşkilatı tərəfindən Koreya dilinə tərcümə edilmiş “Xocalıya ədalət!” adlı filim nümayiş olunub.
Seminarın sonunda Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin inkişafında xidmətləri olan Koreya parlamentinin deputatları Hvaqn Yonq-çol, Park Byonq-su və Park İn-suka, o cümlədən “The Korea Post” media qurumunun sədrinə səfirliyin xatirə hədiyyələri təqdim edilib.
Seminar çərçivəsində səfirliyin Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beşinci ildönümü ilə bağlı hazırlatdığı xüsusi loqonun təqdimatı da olub.