QAN YADDAŞI
“Xocalı uşaqları, qan içində qar çiçəyi” povesti malay dilində işıq üzü görmüşdür
Bakı, 3 aprel (AZƏRTAC). Xocalı soyqırımının canlı şahidi, tanınmış Azərbaycan yazıçısı Səriyyə Müslümqızının “Xocalı uşaqları, qan içində qar çiçəyi” povesti malay dilində işıq üzü görmüşdür.
S.Müslümqızı AZƏRTAC-a bildirmişdir ki, povest Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi tərəfindən tərcümə edilərək kitab şəklində çap edilmişdir.
Bu ölkədə kitabın təqdimat mərasimi keçirilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması məqsədilə nəşr olunan “Xocalı uşaqları, qan içində qar çiçəyi” kitabının nüsxələri Malayziyanın ictimai kitabxanalarına və təhsil ocaqlarına göndərilmişdir.
Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev S.Müslümqızına ünvanladığı məktubda yazmışdır: “Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağımız erməni işğalçılarından azad ediləcək və çiçəklənən Xocalımızdan ilhamlanaraq qələmə alacağınız yeni-yeni əsərləriniz oxucuların zövqünü oxşayacaqdır”.
İnanırıq ki, vətənpərvər yazıçının ürəyinin qanı ilə yoğurulmuş bu əsəri oxuyan hər kəs kitabda yer almış tarixi fotoşəkillərə baxdıqca o dəhşətli günləri yenidən xatırlayacaq və xalqımızın, o cümlədən onun körpə fidanlarının başına gətirilmiş müsibətlərin miqyasını bir daha dərk edəcəkdir.