QAN YADDAŞI
Xocalı xalqımızın qan yaddaşıdır
Lənkəran, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı xalqımızın qan yaddaşıdır” adlı tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Xocalı şəhərində baş vermiş faciəni, insanlığa sığmayan erməni vəhşiliyini rənglərin dili ilə özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Anım mərasimində günahsız faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova 25 il əvvəl baş verənlərin səbəb və nəticələrini, zaman-zaman ermənilərin Azərbaycan xalqına yaşatdığı ağrı-acıları tarixi faktlarla iştirakçıların diqqətinə çatdıraraq, nahaq qanın yerdə qalmayacağını, gec-tez əzəli və əbədi torpaqlarımızın erməni işğalından azad olunacağına əminliyini ifadə edib.
Qeyd olunub ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu soyqırımına siyasi qiymət verilib.
25 il öncə Xocalıda baş verən faciəni bütün dövrlərin ən dəhşətli qətliamı kimi xarakterizə edən Lənkəran Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov çıxışında bu faciəni törədənlərin gec-tez tarix qarşısında, Azərbaycan xalqı qarşısında cavab verəcəyini bildirib.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.