QAN YADDAŞI
Xocalıda 63 uşaq xüsusi amansızlıqla qətlə yetirilib, 76 uşaq əlil olub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən ümumxalq yürüşünün iştirakçıları arasında əslən Xocalıdan olan uşaqları, yeniyetmələri, 25 il əvvəl ermənilər tərəfindən qətlə yetirilmiş, yetim qalmış uşaqların yaşıdlarını da görmək olardı.
Xocalı soyqırımının amansızlığını göstərən faktlardan biri də 63 uşağın qətlə yetirilməsidir. Faciə zamanı 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Günahsız körpələrin başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. Qanlı cinayət nəticəsində, həmçinin 76 uşaq əlil olub. Şahidlərin sözlərinə görə, ermənilər hətta öldürdükləri uşaqların sinəsini yararaq ürəklərini çıxarıb, cəsədlərini tikə-tikə doğrayıb və bundan həzz alıblar.
Xocalıda uşaqlara qarşı görünməmiş qəddarlıq hətta erməni jurnalistini də sarsıdıb. Hadisələrin şahidi olan beyrutlu erməni jurnalisti Dan Keyriyan gördüklərini “Xaçın xətri üçün” (For the Sake of Cross) adlı kitabında belə təsvir edir: “Cəsədlərin yandırılması ilə məşğul olan bir qrup erməni martın 2-də Xocalının bir kilometr qərbindəki yerə 100 azərbaycanlının cəsədini gətirib yığdı. Son yük maşınında 10 yaşında bir qız uşağı gördüm. O, başından və əlindən yaralanmışdı, sifəti göyərmişdi. Soyuğa, aclığa və yaralarına baxmayaraq, hələ də sağ idi. Zəif nəfəs alırdı. Tiqranyan adlı bir əsgər onun qolundan tutub əvvəlki cəsədlərin üstünə atdı. Sonra bütün cəsədlərə od vurdular. Mən sanki yanmaqda olan cəsədlər arasında fəryad eşitdim. Əlimdən heç nə gəlmirdi. Mən Şuşaya qayıtdım. Onlar isə xaçın xatirinə savaşa davam etdilər”.
Müasir dövrümüzdə, dünyanın gözü qarşısında baş verən bu cinayətlər, uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi hələ də beynəlxalq səviyyədə qiymətini almayıb. Amma xalqımız, o cümlədən xocalılılar ədalətin öz yerini tutacağına, doğma torpaqlarına qayıdacaqlarına inamı itirmirlər.
Əslən Xocalıdan olan, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbəsi Şamiyə Şamilqızı AZƏRTAC-a müsahibəsində deyib: “Bugünkü izdiham başımıza gətirilən faciə üçün hayqırtı, qələbə üçün bir çağırışdır. Biz doğma torpaqlarımıza qayıtmaq, “Ana harayı” abidəsinin ziyarətinə zəfərlə gəlmək istəyirik. Əminik ki, o gün gələcək”.