QAN YADDAŞI
Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş əməllər insan hüquqlarına dair sənədlərin kobudcasına pozulmasıdır
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi və Mərakeş-Azərbaycan Dostluq Qrupunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə “Faciəvi Xocalı hadisələri və ərazi bütövlüyü” adlı tədbir keçirilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ölkənin İnsan Hüquqları üzrə Milli Şurasının müşaviri Buşeyb Zulkeyfl, Mərakeş-Azərbaycan Dostluq Qrupunun üzvləri, insan haqları üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli ictimai-siyasi xadimlər, jurnalistlər, ali təhsil müəssisələrinin təmsilçiləri, dövlət və hökumət rəsmiləri, ziyalılar, tarixçilər və tələbələr iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini xatırladan səfir Tarik Əliyev bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətin mahiyyəti, Xocalıda törədilən soyqırımın dünyanın bir sıra parlamentləri tərəfindən tanındığını diqqətə çatdırıb. Diplomat Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən də danışıb.
Xocalı cinayətinin elmi-hüquqi müzakirəsi zamanı Mərakeş Krallığının İnsan Hüquqları üzrə Milli Şurasının müşaviri Buşeyb Zulkeyfl XX əsrdə bəşəriyyətə qarşı törədilən cinayətlər və onları həyata keçirən şəxslərin mühakiməsi məqsədilə yaradılmış beynəlxalq cinayət məhkəmələri barədə məlumat verib. B.Zulkeyfl başda BMT Təhlükəsizlik Şurası olmaqla, beynəlxalq təhlükəsizlik sisteminin bəşəriyyətə qarşı törədilən cinayətlər qarşısında acizlik göstərdiyini qeyd edib. İnsan hüquqları müdafiəçisi bildirib ki, müharibələr zamanı tətbiq edilən humanitar hüquq kontekstində Xocalıda Azərbaycan xalqına qarşı törədilən əməllər beynəlxalq humanitar hüquqa və insan hüquqlarına dair fundamental sənədlərin kobudcasına pozulmasıdır.
Mərakeşdə Hüquq və Azadlıqların Müdafiəsi üzrə İctimai Birliyin baş katibi Məhəmməd Zhari Xocalıda baş verənləri tarixin ən böyük terror aktlarından biri kimi qiymətləndirib. M.Zhari Xocalıda baş verən qətliamların gələcəkdə təkrarlanmaması üçün dünya ictimaiyyəti tərəfindən həmrəylik nümayiş etdirilməsinin vacibliyini, cinayətkarların təqibi və mühakimə olunması üçün beynəlxalq hüquq mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.
Sonra çıxış edən Mərakeş-Azərbaycan Dostluq Qrupunun baş katibi Məhəmməd Faqiri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələrinin və keçmiş sovetlərin 366-cı motoatıcı alayının Xocalıda dinc əhaliyə divan tutduğunu bildirib, XX əsrdə törədilmiş ən dəhşətli və amansız cinayəti azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirib.
Digər natiqlər BMT kimi mötəbər təşkilatın qərarlarına məhəl qoymayan Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzü pisləyərək cinayətkarların cəzasız qalmasının qəbuledilməzliyini vurğulayıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı dövrdə ölkəmizdə, Sumqayıt Dövlət Universitetində təhsil almış mərakeşli Məhəmməd Reşo 1988-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası, münaqişənin tarixi barədə danışıb, sülhsevər və qonaqpərvər xalqımızın haqq işinin yerdə qalmayacağına və işğal olunmuş torpaqların azad olunacağına əminliyini bildirib.
Tədbirin moderatoru olan hüquq elmləri doktoru, V Məhəmməd universitetinin professoru Hanan Larbi fevralın 20-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı qeyri-qanuni referendum keçirməsinə toxunaraq regionda gərginliyin artmasına xidmət edən bu təxribatçı addımın beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması olduğunu bəyan edib.
Sonda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.