SİYASƏT
Xocalıda Ermənistan Azərbaycan xalqına qarşı cinayət və soyqırımı törədib
Bakı, 26 fevral, AZƏRTAC
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 25-ci ildönümü və Ermənistanın cəbhədə törətdiyi son təxribatlar barədə “TRT World” (English) kanalına müsahibə verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, XİN rəsmisi müsahibədə Xocalıda Ermənistanın Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət və soyqırımı törətdiyini, bir gecədə 600 nəfərdən artıq insanın öldürüldüyünü deyib.
Cəbhədəki son gərginliyə toxunan H.Hacıyev bildirib ki, bu, Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır.
Nazirlik rəsmisi əlavə edib ki, gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.
H.Hacıyev münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana siyasi və hərbi təzyiqlər göstərməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmalı olduğunu vurğulayıb.