REGİONLAR
Xocalıdan olan gənc şairin yeni kitabları işıq üzü görüb
Göyçay, 13 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, Xocalıdan olan məcburi köçkün Teymur Valehin iki yeni kitabı çap olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay rayonunda gənc şairlə keçirilən görüşdə onun həmkarları, müəllimləri və tələbə yoldaşları iştirak ediblər. Teymur Valeh “Qarabağdan nigaranam” və “Sev dedi gözlərin” adlı yeni kitabları barədə məlumat verərək bildirib ki, yaradıcılığında əsasən vətənpərvərlik, Qarabağ sevgisi, Vətən həsrəti, qəhrəmanlıq, məhəbbət, təbiət və digər mövzulara üstünlük verir. O, 1990-cı ildə Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açdığını, ermənilərin törətdiyi soyqırımı zamanı ailəsi ilə birgə Xocalını tərk edərkən cəmi 2 yaşının olduğunu bildirib. “Tez-tez Qarabağ mövzusuna müraciət etməkdə məqsədim işğal altında olan rayonların unudulmamasına, gənclərin vətənpərvər olmasına çalışmaqdır. Bu günlərdə yaradıcılığıma yüksək qiymət verilərək Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişəm. Birliyin sədri Anar müəllimlə görüşümdən sonra yazıb-yaratmağa həvəsim daha da artıb. Hazırda yeni kitab üzərində çalışıram”.
Görüşdə çıxış edən müəllim və tələbələr Teymur Valehə yeni yaradıcılıq uğurları arzulayıblar.