ORDU
Xocalılar ehtiyata buraxılan Vətən əsgərlərini böyük arzularla yola salıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
Goranboy rayonunun Ağcakənd qəsəbəsində bir qrup müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qəsəbədə məskunlaşmış Xocalı rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri və məktəblilər iştirak ediblər.
Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Valeh Rəcəbov komandanlıq adından mərasim iştirakçılarını salamlayaraq, Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirən aprel döyüşlərinin iştirakçılarına uğurlar arzulayıb.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani builki buraxılış mərasiminin əlamətdar bir gündə - dövlət müstəqilliyimizin 25 illik yubileyi ərəfəsində keçirildiyini xüsusilə qeyd edib. O, Silahlı Qüvvələrimizin hər bir döyüşçüsünə Vətən naminə xidmətlərində böyük nailiyyətlər qazanmağı diləyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Bəxtiyar Məmmədov, “Azərbaycan Bayrağı” ordenli, Əməkdar Həkim Məmməd Nağıyev, mədəniyyət və turizm şöbəsinin müdiri Göyüş Həsənov, rayon prokuroru Şıxəli Alməmmədov, Müdafiə Nazirliyinin zabiti, polkovnik Nazim Əhmədov, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Elnur Həsənov və başqaları ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına ən səmimi arzularını bildirərək onların mülki həyatda da Vətənə sədaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər.
Üç qardaşı və atası Xocalıda şəhid olmuş Xumar Səlimovanın çıxışı tədbir iştirakçılarına kövrək anlar yaşadıb. “Qardaşlarım Araz, Fəxrəddin, Mikayıl və atam Bahadur erməni qaniçənləri ilə qeyri-bərabər döyüşlərdə şəhid olublar. Qardaşım Araz Səlimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Sinəmizə Xocalı boyda böyük bir dağ çəkilib. Çətin ki, biz bu dağları unudaq. Ancaq aprel döyüşlərində Azərbaycan əsgəri elə bir şücaət göstərdi ki, qismən olsa da dərdimizi, kədərimizi unutduq. Biz xocalılar da inanırıq ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, Milli Ordumuzun güc və qüdrəti ilə digər əzəli torpaqlarımız da işğaldan azad ediləcək. Bax, o vaxt Xocalımızın da yaraları sağalacaq. Mən bu gün ağlayaraq, sızlayaraq, göz yaşları axıdaraq danışmaq istəmirəm. Çünki üç qardaş və ata, neçə-neçə qohum-əqrəba, Xocalı kimi cənnətməkan yurd itirsəm də, bu gün başımı uca tutaraq fəxrlə sizin qarşınızda dayanmışam. Mənim bu gün Silahlı Qüvvələrimizdə düşməndən intiqam alacaq yüzlərlə, minlərlə sizin kimi igid qardaşım var. İnanıram ki, onlar aprel döyüşlərində olduğu kimi, tezliklə böyük qələbənin də sevincini xalqımıza yaşadacaqlar”, - deyən Xumar xanım Azərbaycan Prezidentinə inandığını, Vətən əsgərlərinə güvəndiyini bir daha vurğulayıb.
Ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Röyal Əhmədov cəbhə bölgəsində döyüş növbəsinin təhvil verilməsinin rəmzi olaraq, öz silahını, dəmir dəbilqə və zirehli gödəkcəsini aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş “Bayraqtəpə qartalları” vətənpərvərlik mahnısının sədaları altında gənc əsgər Kazım Səlimzadəyə təqdim edib.
Ehtiyata buraxılan aprel döyüşlərinin iştirakçılarına hərbi bilet, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə ünvanlanan təşəkkür məktubları təqdim edilib.
Xocalı şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri ehtiyata buraxılan döyüşçüləri gül-çiçək dəstələri ilə alqış sədaları altında yola salıblar.