QAN YADDAŞI
Xocalısız 25 il
Bakı, 24 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 24-də Niyazinin mənzil-muzeyində “Xocalısız 25 il” mövzusunda tədbir keçirilib. Tədbir Abdulla Şaiqin ev-muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) birgə təşkilatçılığı ilə keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, AMMDM-nin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımlardan biri olduğunu bildirib. Tədbirdə muzeyin əməkdaşı Xanım Abdinovanın “Xocalı faciəsi bəstəkarların yaradıcılığında”, A.Şaiqin ev-muzeyinin böyük elmi işçisi Arzu Hacıyevanın “Xocalını unutmayaq” mövzularında məruzələri dinlənilib. Çıxışlar Xocalı soyqırımının nəticələrini əks etdirən slayd-şou ilə müşayiət olunub.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, “AYTAM” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin üzvləri tərəfindən musiqi proqramı və ədəbi-bədii kompozisiya təqdim edilib.