QAN YADDAŞI
“Xocalısız 25 il” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakı, 24 fevral, M.Dadaşov, AZƏRTAC
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Xocalısız 25 il” mövzusunda keçirilən müsabiqənin yekun sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyasında keçirilən sərgidə BŞTİ-nin əməkdaşları, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Mərkəzin direktoru Kəmalə Cəfərzadə bildirib ki, sərgidə “Xocalısız 25 il” mövzusunda keçirilən müsabiqəyə təqdim olunan 600 rəsmdən 200-ü nümayiş etdirilir. Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, müəllimlərindən, dərnək rəhbərlərindən bu qətliam ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın qətlə yetirilməsi, düşmənin kimsəyə aman verməməsi, erməninin o gecə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atmasından bəhs olunur.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, müsabiqənin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan həqiqətlərini çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdır. O, şagirdlərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib.
Ağlasığmaz dəhşətləri ilə dünyanı lərzəyə gətirən Xocalı soyqırımı barədə geniş məlumat verən M.Vəliyeva vurğulayıb ki, bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasına başlanıb.
Tədbirdə digər çıxış edənlər 25 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, XX yüzillik xalqımızın taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil olub.
Sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.
Sonda sərgiyə baxış keçirilib.