REGİONLAR


Xocavəndli məcburi köçkünlər baramaçılıqla məşğul olacaqlar

Beyləqan, 10 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə Prezident İlham Əliyevin respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrdən bəhs edilib, bu sahədə görülən işlər və qarşıda duran məsələlər barədə danışılıb. Bildirilib ki, qeyri-neft sektorunun, xüsusilə də ixrac potensialı böyük olan baramaçılığın, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş mühüm vəzifələr, eləcə də əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, torpaqlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər kənd təsərrüfatı sahəsinin daha da canlanmasına və inkişaf etməsinə səbəb olub, əhalinin torpağa bağlılığını artırıb.

Məlumat verilib ki, xocavəndli məcburi köçkünlər cari ildə 5500 hektar buğda sahəsindən 10 min 812,6 ton, 127 hektar arpa sahəsindən 228 ton, 26 hektar kartof sahəsindən 299 ton, 139 hektar tərəvəz sahəsinin 13 hektarından 98 ton məhsul əldə ediblər. Gələcəkdə barama istehsalı üçün bu ilin yazında 10 min ədəd tut tingi əkilib. Bundan başqa, cari ilin məhsulu üçün 90 hektarda çiyid səpini həyata keçirilib.

Yığıncaqda vurğulanıb ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Həyata keçirilən islahatlar, aqrar sektora dövlət dəstəyi, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.