REGİONLAR
Xocavəndlilər Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, müharibə veteranları əvvəlcə ərazidə döyüşlər zamanı həlak olan döyüşçülərin qanlarının töküldüyü yerlərdə qurulan xatirə lövhələri və Nərgiztəpədəki abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildirdilər.
Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışdı. Bildirdi ki, 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədərək, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirib, soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü ilin iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb.
Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
1993-cü ilin sonları – 1994-cü ilin əvvəllərində Xocavənd rayonunun düşməndən azad edilməsi uğrunda qanlı döyüşlər gedib və rayonun bir hissəsi işğaldan azad edilib. Ümummilli lider Heydər Əliyev 1994-cü il aprelin 10-da işğaldan azad edilmiş ərazidə Xocavənd taborunun döyüşçüləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
Tədbirdə çıxış edən məcburi köçkünlər, hərbçilər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildirdilər.
Tədbirdə rayon məktəblilərinin vətənpərvərlik mövzusunda hazırladıqları bədii proqram nümayiş etdirildi.