SİYASƏT


Xorvatiya mətbuatında Azərbaycan haqqında geniş məqalə dərc edilib

A+ A

Zaqreb, 20 oktyabr, AZƏRTAC

Xorvatiyanın nüfuzlu “Veçerni List” qəzetində “Azərbaycan – Oyanmış neft nəhəngi” sərlövhəli geniş məqalə dərc edilib.

Məqalədə Azərbaycanın inkişafı barədə ətraflı məlumat verilib. Müəllifi V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “Veçerni List” qəzetinin jurnalisti Bernard Karakaşın olduğu məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılır, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi, minlərlə Azərbaycan vətəndaşının öldürüldüyü, bir milyondan çox insanın qaçqın vəziyyətinə düşdüyü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi vurğulanıb.

Azərbaycan iqtisadiyyatı haqqında məlumat verən müəllif ölkəmizin qısa müddətdə böyük iqtisadi inkişafa nail olduğunu və dünyanın aparıcı dövlətlərindən birinə çevrildiyini bildirib. O, Xorvatiya iş adamlarını Azərbaycanın iqtisadi potensialından istifadə etməyə çağırıb. Bu xüsusda, iqtisadi məsələlər üzrə ekspert İqor Zqrabliçdən müsahibə alan jurnalist Azərbaycan ilə Xorvatiya arasında mövcud geniş iqtisadi potensialdan istifadə edilməli olduğunu vurğulayıb.

Məqalədə, həmçinin paytaxtımızın gözəlliyi barədə geniş məlumat verilib, Bakının dünyanın ən işıqlı şəhərlərindən biri olduğu vurğulanıb və Paris, London, Dubay kimi şəhərlərlə müqayisə edilib. Müəllif Bakının “Eurovision”, Avropa Oyunları və “Formula 1” kimi beynəlxalq yarışlara ev sahibliyi etdiyini deyib.

Azərbaycandakı multikulturalizm ənənələri barədə məlumat verilən məqalədə ölkəmizdəki bütün dinlərin nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradıldığı xüsusi diqqətə çatdırılıb. Müəllif Bakını dünyanın məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyi azsaylı şəhərlərindən biri kimi təsvir edib.

Məqalədə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanıb və Beynəlxalq Humanitar Forum barədə ətraflı məlumat verilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.