SİYASƏT


Xose Antonio Vera: AZƏRTAC ilə əməkdaşlıq Azərbaycanla bağlı daha çox informasiya almağımıza imkan yaradacaq

A+ A

Madrid, 20 dekabr, AZƏRTAC 

İspaniyanın Beynəlxalq Xəbər Agentliyinin (EFE) prezidenti Xose Antonio Vera Madriddə AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibədə Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi, tədbir çərçivəsində AZƏRTAC ilə EFE arasında imzalanmış Çərçivə Əməkdaşlıq Sazişi ilə bağlı fikirlərini və Bakıya səfərinin təəssüratlarını bölüşüb:

-Dünya Xəbər Agentliklərinin V Konqresi həm təşkilatçılıq baxımından, həm də sessiyaların səviyyəsinə və iştirakçı agentliklərin sayına görə böyük bir uğur idi. Konqres mükəmməl təşkil olunmuşdu. Otel çox rahat, sessiyaların keçirildiyi Heydər Əliyev Mərkəzi gözəl və məftunedici məkan idi. Sessiyalar çox yaxşı hazırlanmışdı. Çıxışlar və müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanırdı. Biz xəbər agentlikləri üçün yeni və stimullaşdırıcı xeyli ideyalarla tanış olduq. Bakı Konqresinin bu uğuru gələcək fəaliyyətimizə müsbət təsirini göstərəcək.

-Bakıya səfəriniz çərçivəsində AZƏRTAC-la EFE arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalandı. İki agentlik arasında əməkdaşlığın gələcəyini necə görürsünüz?

-Xəbər agentlikləri arasında, xüsusilə müxbirlərin əlaqələr qurmaqda çətinlik çəkdiyi uzaq bölgələrin media təşkilatları arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. EFE agentliyi son illər faydalı və yaradıcı heyət üçün maraqlı olan bir çox əməkdaşlıq sazişləri imzalayıb. AZƏRTAC ilə imzalanan Çərçivə Sazişi sayəsində biz Azərbaycanla bağlı daha çox informasiya alacağımıza ümid edirik. EFE də öz növbəsində AZƏRTAC-a İspaniya və Latın Amerikası ölkələri ilə bağlı Azərbaycan cəmiyyəti üçün maraq doğura biləcək məlumatlar ötürməyə çalışacaq.

-Azərbaycanla bağlı təəssüratlarınız necədir?

-Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi etməklə təşkilatçılıq bacarığını və qonaqpərvərliyini nümayiş etdirdi. İştirakçı agentliklərin rəhbərləri olduqca səmimi qarşılandı və Konqresi unudulmaz bir görüşə çevirmək üçün onlara böyük diqqət göstərildi. Azərbaycan olduqca müasir bir ölkədir, onun sakinləri isə dinamik bir cəmiyyəti təmsil edirlər. Azərbaycan çoxmillətli ölkə olaraq bütün dini inanclara hörmətlə yanaşır. Prezident İlham Əliyev iştirakçıları şəxsən salamladı və maraqlı nitq söylədi. Müstəqilliyinin 25 illiyini qeyd edən gənc Azərbaycan uzun əsrlər boyu formalaşan zəngin mədəniyyətə malikdir. Biz bunun əyani şahidi olduq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.