CƏMİYYƏT
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 3100-dən çox adam hemodializ müalicəsi alır
Bakı, 24 fevral, Əziz Məmmədov, AZƏRTAC
Hazırda Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların hemodializ müalicəsi problemi tamamilə həll edilib. Ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən 38 hemodializ mərkəzində 590 aparat qoyulub, burada 3100-dən çox pasiyent hemodializ seansları keçir və dərman preparatları ilə pulsuz tam təmin olunur. Bundan əlavə, ötən il Azərbaycanda 3111 xəstə, o cümlədən Bakıda 1273, bölgələrdə 1838 xəstə hemodializ müalicəsi alıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) 2016-cı ilin yekunlarına dair fəaliyyətinə həsr olunmuş tədbirdə səslənib.
KTM-nin şöbə müdiri Mirhaşım Cəlalov tədbirdə çıxış edərək qeyd edib ki, xroniki böyrək çatışmazlığı böyrək xəstəliklərinin (xroniki diffuz qlomerulonefrit, xroniki pielonefrit, böyrəklərin amiloidozu), sidik keçiriciliyinin dinamik və mexaniki pozulmaları (böyrək daşı xəstəliyi, uretranın daralması və s.), ürək-damar və kollagen xəstəliklərin, endokrin pozulmaların (məsələn, şəkərli diabet) və s. nəticəsi ola bilər. Bildirilib ki, hazırda Azərbaycanda böyrək və başqa orqanlar köçürülən 679 xəstə qeydə alınıb. Bu pasiyentlərin müayinəsi və müalicəsi dövlət vəsaiti hesabına aparılır.