İQTİSADİYYAT
“Xruşşovka”ların yerində yeni binaların inşasını özəl şirkətlər həyata keçirəcək
Bakı, 15 mart, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı şəhəri ərazisində “Xruşşovka”ların sökülməsi və yerində hündürmərtəbəli binaların inşası özəl şirkətlərin hesabına həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib.
E.Əsədov qeyd edib ki, sökülmə prosesi müəyyən mərhələlərdən ibarət olacaq. İlk növbədə şəhərsalma sənədləri hazırlanmalı və müvafiq orqanlarla razılaşdırılmalıdır. İkinci mərhələdə tikinti işləri gedən sahələrdə sakinlərin və mənzillərin sayı ilə bağlı dəqiq araşdırma və təhlillər aparılmalı və Tədbirlər Planı təsdiq olunmalıdır.
Üçüncü mərhələdə isə layihələndirmə işlərinə başlanılacaq, söküləcək binalarla əlaqədar işlərə start veriləcək.
Tikinti işləri başa çatdıqdan sonra orada tikilmiş binaların istismarına icazə, sənədlərin çıxarılması və bir çox məsələlər öz əksini tapacaq.