REGİONLAR
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun 16-cı kilometrində yenidənqurma işləri başa çatdırılıb VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
“Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri davam etdirilir.
ASC–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolun uzunluğu 23 kilometrdir. Layihə çərçivəsində yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, qazılmış hissələrə karbonat materialı tökülərək kipləşdirilib. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib.
Tikintidən əvvəl eni 6 metr olan yolun hərəkət hissəsi III texniki dərəcəyə uyğun olaraq 7 metrə qədər genişləndirilir. Hər biri 3,5 metr enində olmaqla iki hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə 2,5 metr enində yeni çiyinlər tikilərək, bərkidilib. Buraya 0,5 metr enində bərkidici zolaqlar da daxildir.
Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Bu səbəbdən yolların yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılır. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda da ümumi uzunluğu 4 min poqonmetrə yaxın 2 metr enində yeni piyada səkiləri tikilir, kənarlarına səki daşları düzülür. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub.
Hazırda yol boyu asfaltlanma işləri aparılır. Ümumilikdə 165 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Artıq yolun 16-cı kilometrində yenidənqurma işləri başa çatdırılıb, qalan 7 kilometrdə isə işlər davam etdirilir. İşlərin avqust ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, həmçinin yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.
Səkkiz yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, onların avtomobil yolundan istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi sürətlə, qısa vaxt ərzində xarab olmadan istədikləri ünvanlara çatdırmağa imkan yaranacaq.