CƏMİYYƏT
Xüsusi Riskli Xilasetmə Xidmətinin desant-dalğıclarının helikopterdən su səthinə enmələri üzrə təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin desant-dalğıcların helikopterdən su səthinə enmələri sahəsi üzrə təlim-tədris prosesi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məqsəd digər nəqliyyat vasitələri üçün əlverişsiz olan fəlakət zonalarında, Xəzər dənizinin Azərbaycan Respublikasına aid daxili sularında və digər su hövzələrində baş verə biləcək fövqəladə hallara çevik reaksiya verilməsinin, qəzaya uğramış su və hava nəqliyyat vasitələrinin şəxsi heyətinin xilas olunması, onlara ilkin və təxirəsalınmaz tibbi yardımın göstərilməsini təmin etməkdir.
Su səthində baş verən fövqəladə hadisələrə desant-dalğıcların çevik reaksiya verməsi və nöqsanların aradan qaldırılması üzrə vərdişlərin təkmilləşdirilməsi məqsədilə nəzəri və praktiki məşğələlər keçirilib. Əvvəlcə şəxsi heyət təlimatlandırılıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla helikopterlə təlim yerinə yollanıb. Helikopterin təlim yerinə çatması ilə şəxsi heyət komanda üzrə tək-tək tam təchizatla 5 metr hündürlükdən suya tullanıb və 500 metr üzməklə təyin olunmuş nöqtələrə toplanıb. Digər plana əsasən, desant-dalğıclar enmə qurğuları vasitəsilə 30 metr hündürlükdən suya enib, xilasedici kəmər və ya xilasedici səbət vasitəsilə şərti zərərçəkmişi helikopterin bortuna qaldırıblar.
Helikopterin hərəkəti zamanı ayaq üstə suya tullanmalar, helikopterin havada durması zamanı tam xilasetmə avadanlığında oturaraq üzgəclərdə suya tullanmalar, suyun üzündə olan zərərçəkmişlərin xilasedici səbətin köməyi ilə helikopterə qaldırılması, fəlakət zonasından 200 metr aralı desant dalğıcın helikopterdən suya tullanması, xilasedici sala üzməsi və zərərçəkmişlərin helikopterə qaldırılması, helikopterin havada fəlakət zonası üzərində durması zamanı desant-dalğıcların enmə qurğuları vasitəsilə suya endirilməsi, zərərçəkmişlərin bərkidilməsi və qaldırılması mövzularında təlimlər hazırlıq proqramına uyğun olaraq davam etdirilib.