ELM VƏ TƏHSİL
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu prosesi davam edir
Bakı, 30 iyul, AZƏRTAC
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu məqsədilə müsahibələr davam edir.
Müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzulayan valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən vaxtda övladını 42 nömrəli məktəbə gətirməlidir.
Artıq qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742-si təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyənləşdirilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsi barədə sertifikat əldə edib. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16–dan dekabrın 31–dək tamam olan uşaqlar birinci sinfə müsahibədənkənar qəbul edilirlər.
İyulun 21–dən keçirilən müsahibədə 871 nəfər “məqbul”, 534 nəfər isə “qeyri-məqbul” cavab alıb. Cavablar iki gün ərzində SMS şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.
Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.
Ətraflı məlumatı BŞTİ-nin (ünvan: AZ1007, Azərbaycan, Bakı, Xan Şuşinski 17. Telefon: +994 12 441 04 99 | Faks: +994 12 541 53 83) bakuedu.gov.az səhifəsindən əldə etmək olar.