ELM VƏ TƏHSİL
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları təsdiqlənib
Bakı, 25 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün qabiliyyət imtahanlarına hazırlıq işləri ilə əlaqədar xüsusi qabiliyyət tələb edən aktyor sənəti, rejissorluq, operator sənəti, xoreoqrafiya sənəti ixtisasları üzrə elmi-metodik seminar keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarda müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri iştirak ediblər. Tədbiri canlı bağlantı vasitəsilə TQDK-nın Naxçıvan Regional Bölməsinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin nümayəndələri də izləyiblər.
TQDK-nın sədri Məleykə Abbaszadə 2015-ci ildə teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə keçirilmiş qabiliyyət imtahanlarının nəticələri, mövcud problemlər haqqında məlumat verib.
Seminarda aktyor sənəti, rejissorluq, operator sənəti, xoreoqrafiya sənəti ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları müzakirələrdən sonra təsdiqlənib. Həmin proqramlar TQDK tərəfindən nəşr ediləcək “Teatr, kino və xoreoqrafiya sənətləri” vəsaitində təqdim olunacaq.